Linux Fayl və Qovluq Strukturu: Harada Nə Saxlanılır?
Bu məqalədə sizə Linux-un fayl və folder strukturundan, növlərindən və hər birinin nə üçün olduğundan danışacam. Sosial media səhifələrimizə dəstək olmağı unutmayın.
LINUX
Cavanshir Sheyxov
9/26/2025
Linux sistemində hər şey bir fayl kimi qəbul olunur – istər proqram olsun, istər cihaz, istərsə də sadə mətn sənədi. Ona görə də fayl sisteminin necə qurulduğunu bilmək həm istifadəçi, həm də root üçün çox vacibdir. Gəlin addım-addım əsas kataloqlara nəzər salaq:
/bin – Əsas komandlar
Burada gündəlik işdə istifadə etdiyimiz ls, cp, mv, cat kimi komandalar yaşayır. Linux-u ilk açanda istifadəçinin əlində olan “təhlükəsizlik kəməri”dir.
/sbin – Administrativ komandlar
“Superuser” yəni root üçün nəzərdə tutulmuş komandalar buradadır. Məsələn, şəbəkəni işə salmaq və ya disk bölmələrini idarə etmək üçün istifadə edilən vasitələr. Adi istifadəçi bura çox da yol tapa bilmir.
/boot – Bootlanma faylları
Linux-un işə düşməsi üçün lazım olan fayllar (kernel, bootloader və s.) buradadır. Kompüter açılarkən ilk “oyanış” prosesi bu qovluqdan başlayır.
/dev – Hardware faylları
Klaviatura, disk, USB və hətta printer belə burada “fayl” kimi saxlanılır. Məsələn, /dev/sda əsas sabit diski təmsil edir. Yəni hardware ilə danışmaq üçün Linux fayllardan istifadə edir.
/proc – Live info folderi
Burada kompüterin prosessoru, yaddaşı, işləyən prosesləri barədə dinamik məlumat var. Yəni bu fayllar real vaxtda dəyişir. Məsələn, cat /proc/cpuinfo yazanda prosessor haqqında detalları görürük.
/opt – Üçüncü Tərəf Proqramlar
Bəzən əlavə proqram paketləri burada yerləşdirilir. Windows-dakı Program Files-a bənzəyir. 3-cü tərəf proqram faylları burda saxlanır
/var – Dəyişən fayllar
Burada sistemin “jurnalları” saxlanılır. Məsələn, /var/log qovluğunda baş verən bütün hadisələr (uğurlu giriş, uğursuz giriş, xidmətlərin vəziyyəti və s.) qeydə alınır.
/tmp – Müvəqqəti fayllar
Proqramların yaratdığı müvəqqəti fayllar burada olur. Kompüteri söndürəndə çox vaxt silinir. RAM kimi işləyir desək, səhv etmərik.
/lib – Kitabxanalar
Proqramların işləməsi üçün lazım olan “hazır funksiyalar” (yəni kod parçaları) burada saxlanılır. Onlarsız komandalar işləməz.
/sys – Kernelin daxili dünyası
Kernel modulları və sistemlə bağlı fayllar burada olur. Bu da /proc kimi canlı məlumatla işləyir, sadəcə daha çox kernel səviyyəsində.
/home – User faylları
Hər istifadəçinin şəxsi faylları, sənədləri, şəkilləri, yükləmələri burada yerləşir. Məsələn, KiberAx adlı istifadəçinin ev qovluğu /home/KiberAx olacaq.
/etc – Konfiqurasya faylları
Sistemin beyni demək olar. İstifadəçilər, şifrələr, şəbəkə parametrləri, host faylları və ümumiyyətlə bütün konfiqurasiyalar buradadır.
/etc/passwd – bütün istifadəçilərin siyahısı. Burada username, userID, groupID, ev qovluğu, default shell kimi məlumatlar var.
/etc/shadow – userlərin parolları hash-lənmiş formada saxlanır.
/etc/sudoers – kimlərin sudo hüququ ilə işləyə biləcəyini göstərir.
/etc/exports – NFS paylaşımları buradan idarə olunur
/srv – Service folder
Əgər Linux server kimi işləyirsə, məsələn web server, FTP və ya NFS xidməti qurulubsa, onların saxlanacağı yer buradır.
/mnt və /media– Xarici daşıyıcılar
/mnt – əl ilə mount edilən disklər üçün nəzərdə tutulur.
/media – USB və ya CD/DVD kimi xarici yaddaş qurğuları buraya qoşulur
Bu məqalədə əsas Linux qovluqlarını aydın və sistemli şəkildə izah etdik. Əlavə etdiyimiz nümunələr və genişlənmiş əhatə dairəsi ilə siz həm yeni başlayan, həm də orta səviyyəli istifadəçi kimi daha güclü bilik əldə etmiş olursunuz.

